Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni təyinat olub. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Bu haqda elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Ü.Səttarova Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya sistemləri ixtisası üzrə magistr, eyni univeristetdə Sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə dissertantura dərəcələri alıb.

Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə doktorantura təhsili alıb, Niderland Krallığının Maastrixt Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Daha öncə Ü.Səttarova AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, eləcə də strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. Həmçinin elm və təhsil nazirinin müşaviri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O, Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.