Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sübhan Aslanov, Elcan Gözəlov, Azad Bayraxtarov, Seymur Hacıyev və İslam Misirovun məhkəməsi başlayıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilib. İlk iclas zamanı şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti iclas noyabrın 2-də baş tutacaq.
Hadisə ötən ilin yanvarında baş verib. Bir qrup şəxs Rafael Şəfiyevi oğurlayaraq hədə-qorxu yolu ilə ondan 30.000 manat pul tələb edib. Silahla hədə-qorxu gəlinən Şəfiyev ailəsi ilə əlaqə saxlayıb, cinayətkarların kartına 3000 manat pul göndərib, sonra isə “BMW E39” markalı avtomobili də onlara təhvil verib.
Qrup üzvləri avtomobili Biləcəri qəsəbəsində yerləşən avtodayanacağa aparıb, həmin şəxsə 12.000 manat dəyərində ziyan vurublar. Bundan sonra onlar zərərçəkmiş şəxsi döyüblər.
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı cinayətkar dəstənin üzvləri saxlanılıb, onlara qarşı bir sıra maddələr üzrə cinayət işləri açılıb.