Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan sakinlər zibil maşınlarından şikayət edirlər. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Yaşayış evlərinin yanında məişət tullantıları avtomobillərinin qarajı yerləşir. Sakinləri də narazı salan məhz budur: vətəndaşlar həm üfunətdən, həm də səs-küydən narazıdırlar. Buna səbəb isə içi məişət tullantıları ilə dolu olan zibil maşınlarının yolun kənarında saxlanılmasıdır. Elə maşınların saxlanıldığı qarajların ətrafında məskunlaşan sakinlər deyirlər ki, il boyunca məhəllədə sıxlıq yaşanır. Qaraja girə bilməyən böyük maşınlar çöldə saxlanılır. Bəzən evin qapısını açdıqda ilk qarşılaşdıqları bu maşınlar olur.

Problemlə bağlı Binəqədi rayon MKTB-nin baş mühəndisi Vəli Əliyev bildirdi ki, həmin ərazi sənaye təyinatlıdır. Vətəndaşlar ordan mənzil almazdan əvvəl yaşana biləcək problemi nəzərə almalı idilər:

“Sənaye zonası olduğuna baxmayaraq, son illərdə orada yaşayış evləri tikilib və yaşayış evləri tikiləndən sonra ərazidən spesifik qoxu gəldiyini daim söyləyirlər. Yəni onlar burada məskunlaşanda burada nəqliyyat sahəsi fəaliyyat göstərirdi. Nəqliyyat sahəsinin 53 ədəd gün ərzində fasiləsiz işləyən maşınları var. Sahə kiçik olduğu üçün bu maşınlardan 3 dənəsi magistral yolun qırağında 1-2 saat dayanır ki, növbəyə çıxsın”.

Həmçinin qeyd olundu ki, yol kənarında dayanan məişət tullantıları maşınları gündəlik olaraq yuyulur, təmizlənir və dezinfeksiya olunur. Buna baxmayaraq, ərazidən xoşagəlməz qoxunun gəlməsi qaçılmazdır. Çünki qarajın ərazisi yetərsizdir. Ola bilər ki, gələcəkdə bu nəqliyyat vasitələri üçün daha geniş ərazi ayrılsın.