Gəncə şəhərində nənənin evdən atdığı uşaqlar Bakıya göndəriliblər. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
2 yaşlı Miryusif Cəlilov və 4 aylıq Mələk Cəlilova bu gün aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinə yola salınıblar.
Gəncə şəhər İcra Hakimiyyətinin (İH) verdiyi məlumata görə, oktyabrın 21-də Mehriban Cəlilova qəyyumu olduğu oğlan nəvəsini İH inzibati binasının qarşısında tərk edərək gedib. Bir neçə dəqiqə sonra isə qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.
Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib. Verilən məlumata görə, uşaqların sosial müəssisəyə yerləşdirilməsi onların anası İlahə Cəlilovanın narkotik aludəçisi olması, ailənin yaşadıqları evin tam şəraitsiz, sosial durumunun ağır olması və körpələrin nənəsinin onlara baxmaq istəməməsi ilə bağlıdır.
Gəncə İH başçısı aparatı, Gəncə Şəhər Baş Polis İdarəsi və Sosial Xidmətlər Agentliyi əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.
Gəncə şəhər Körpələr evi təmir işlərinə bağlandığına görə uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi barədə qərar verilib.