Ötən gün Prezident İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalayıb. Uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı yolun tikintisi üçün 4.700.000 manat ayrılıb. Hesab olunur ki, yeni salınacaq magistral sıxlığı azaldacaq. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Xəzər Xəbər-in reportajında yolun Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətinə imkan yaradılması qeyd edilir.

Nəqliyyat eksperti Ərşad Hüseynov, həmçinin bildirir ki, bu yol Şəhər şosesinin yükünü böləcək. Ekspert onu da qeyd edir ki, yolun əsas üstünlüklərindən biri də Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yola birləşməsidir. Bu, paytaxtın şimal hissəsində, ən sıx tıxacın yaşandığı Bakı-Sumqayıt yolunda vəziyyətin nisbətən yaxşılaşmasına səbəb ola bilər.

Yol Binəqədi, Məhəmmədi, Fatmayı, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çatmasına səbəb olacaq. Yolun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.