Yeniyetmələr və gənclər narkotacirlərə qarşı müdafiəsizdirlər. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.

Son zamanlar narkotacirlər sosial şəbəkələri tələ kimi istifadə edirlər. Yeniyetmələrin sosial şəbəkələrdəki aktivliyi onlara kömək olur. Digərləri həyatlarına “məna qatmaq” istəyirlər. Həmin “mənanı” da narkotiklərdə axtarırlar.

Mütəxəssislər deyirlər ki, 14-18 yaş yeniyetmənin ən təhlükəli yaşıdır. Bu kateqoriyadan olan uşaqlar kənar təsirlərə rahatlıqla düşə bilirlər. Məsələdə həm valideynlər, həm də uşaqlar məlumatlı olmalıdırlar, mütəmadi maarifləndirici söhbətlər aparılmalıdır.

“Etiraf etməliyik ki, bu gün valideyn var ki, heç ildə bir dəfə məktəbə ayaq basmır. Qapıdan verib, qapıdan almaq yox, ən azından uşağın təhsil göstəriciləri, uşağın davranışı, uşağın məktəb mühiti ilə münasibəti necədir, biz bunları öyrənməliyik”, – deyə Psixoloq Elnur Rüstəmov bildirib.

O qeyd edib ki, günümüzdə narkotikləri uşaqlara başağrısı dərmanı və ya konfet kimi təklif edənlər olur.

Statistikaya əsasən, bu ilin 10 ayı ərzində narkotikdən istifadə edənlərin sayı 6361 nəfərdir. Onlardan 154-ü qadın, 11-i isə azyaşlıdır. Həmin şəxslərdə 4 ton 246 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur.