Şəkidən gətirilən uşaq Bakıda vəfat edib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən və bir neçə gündür Kliniki Tibbi Mərkəzdə müalicə olunan 4 aylıq Ayla Mövlamlı ötən gün vəfat edib.
Balacanın yaxını, jurnalist Alma Qasımovanın sözlərinə görə, müalicə üçün Şəkidə həkim tapılmayıb.
“Körpə xəstələnib, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Axşam növbətçi həkimi axtarıblar, deyilib ki, həkim yoxdur, xəstəxanada həkim çatışmazlığı var. Bir neçə gün ərzində həmin xəstəxanada bir neçə uşaq vəfat edib. İlkin müdaxilə yox, edilən müalicələr də yanlış”, – deyə jurnalist bildirib.
Daha sonra körpə Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Burada həkimlərin səyinə baxmayaraq, balacanın həyatını xilas etmək mümkün olmayıb.
“Xəstə daxil olarkən vəziyyəti çox ağır, bədən hərarəti 38-38,5 dərəcə, febril qıcolma tutmaları müşahidə olunub, hər iki ağciyərdə pnevmoniya aşkarlanıb”, – deyə xəstəxanadan bildirilib.
Ayla Mövlamlı 27 oktyabr tarixində reanimasiya şöbəsində dünyasını dəyişib. TƏBİB məsələ ilə bağlı araşdırmaya başlanıldığını vurğulayıb.