Paytaxtın Nərimanov rayonunda inşa edilməkdə olan beşmərtəbəli ofis binasında və onun ətrafında insanların sağlamlığının qorunması, həmçinin əməyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməyib. Bununla yanaşı, tikinti şirkəti tərəfindən sakinlərin rahat gediş-gəlişi üçün nəzərdə tutulan piyada səkisi də zəbt olunub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Tikinti materialları və iritonnajlı yük maşınları nəinki piyada səkisini, hətta yolun avtomobillər üçün nəzərdə tutulan hissəsini də zəbt edib. Üstəlik piyadaların rahat hərəkəti də düşünülməyib.

Tikinti aparılan ərazidə hər hansı təhlükəsizlik tədbirindən söhbət belə gedə bilməz. Belə ki, işçilərin nə təhlükəsizlik kəməri, nə də baş geyimləri var.

Tikintinin mühəndisi olduğunu bildirən bir şəxs cavab olaraq bildirib ki, hər hansı qanunsuz əmələ yol verilməyib.

Bəs qanun bununla bağlı nə deyir?

“Tikinti sahəsi özü təhlükə riski olan sahədir. Ona görə sahədə mütləq qaydada həm texniki təhlükəsizlik qaydalarına, həm əmək mühafizəsi qaydalarına mütləq riayət olunmalıdır, tikinti olan əraziyə mütləq kənar şəxslərin girişi məhdudlaşdırılmalıdır. Ərazidə qoruyucu torlar çəkilməlidir, tikinti sahəsinin özündən kənara hər hansı bir yad cisim, materiallar düşə bilər. Sahənin ərazisi elə qurulmalıdır ki, həm orada çalışan işçilərin, həm də tikinti sahəsindən kənarda yerləşən insanlara hər hansı bir təhlükə riski olmasın”, – deyə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

O əlavə edib ki, tikinti işlərini aparan şəxs tərəfindən tikinti sahəsində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Əks halda hər hansı hadisə baş verərsə, işləri aparan şəxs hadisənin miqyasına uyğun məsuliyyətə cəlb oluna bilər. İşçiləri fərdi mühafizə vasitələri ilə təmin etmək də işə götürənin borcudur. İşə götürənin bu vasitələrdən imtina edən işçilərin müqaviləsinə xitam vermək hüququ var.