Bakı “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi”nə ev sahibliyi edəcək. Bununla bağlı bu gün, 31 oktyabr tarixində Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

2023-cü il sentyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında 2023-cü ildə Ümumdünya Məskunlaşma Gününün beynəlxalq səviyyədə təşkili və həyata keçirilməsinə dair Saziş” təsdiq edilib.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərmək tapşırılıb.