Bakıda avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən və bir nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbkarı olan Xədicə Allahverdiyevaya hökm oxunub. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun qərarına əsasən, 19 yaşlı Allahverdiyeva 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası şərti azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. O, üç il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan da məhrum edilib.
Hadisə cari ilin yanvar ayında Binəqədi-Mehdiabad yolunda baş verib. Xədicə Allahverdiyeva “Mercedes” markalı avtomobili idarə edərkən Rauf Abbasovun idarə etdiyi “Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncunun sərnişini, 28 yaşlı Xumarə Hüseynova hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra Allahverdiyeva Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun sürücülük vəsiqəsinin olmadığı, avtomobilin isə atasının adına olduğu müəyyən edilib.