Paytaxtın Binəqədi rayonunda törədilmiş qətlin bəzi təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Cinayət səhər saatlarında “Motodrom” adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 36 yaşlı Zülfiyyə Xamoyevanın qətlə yetirilməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisə yerinə istintaq qrupu göndərilib. Araşdırmalar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmiş şəxslə yaxın münasibətdə olan 42 yaşlı Qədir Qasımov saxlanılıb. O, dindirilmə zamanı Xamoyevanı qadın yatarkən bıçaqlayaraq öldürdüyünü etiraf edib.
Mərhumun anası bildirib ki, cütlük qeyri-rəsmi münasibətdə olub. O, həmçinin qeyd edib ki, qızı bir müddətdir iki uşağı ilə onun yanında qalırmış. Ana onu da deyib ki, qətl Xamoyevanın 3-cü sinifdə oxuyan övladının yanında törədilib.
Xamoyevanın bacısı Sima Cavadova bacısı ilə birlikdə paytaxtın Nərimanov rayonunda yerləşən iaşə obyektlərinin birində qabyuyan işlədiklərini qeyd edib.
Qasımovun qısqanclıq zəminində cinayət törətdiyi iddia edilir.