Azərbaycanda elan olunmuş bayramlarla əlaqədar avtovağzal və avtostansiyalar 7-12 noyabr tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusların buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri biletim.az saytından və yaxud mobil tətbiqindən əldə edə bilərlər. “Biletim” mobil tətbiqini App Store və Google Play-dən yükləmək olar.