Lift üçün xidmət haqqını niyə onlayn ödəmək mümkün olmur? Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Həm yeni, həm də köhnə çoxmərtəbəli yaşayış binalarında liftə görə xidmət haqqı hələ də nağd şəkildə ödənilir. Bu da bəzi sakinlərin narazılığına səbəb olur. Digərləri çox vaxtı işləməyən liftə görə nağd ödəniş etməkdən, ümumiyyətlə, imtina edirlər.

“İdarəyə qədər gedib ödəniş etmişdik. Aylarla gəlmədilər. Sonra “xalturşik” ustalar gəldilər, 1 saata həll etdilər. Bundan sonra biz niyə idarəyə pul ödəməliyik ki?!” – deyə sakinlər şikayət edirlər.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, bir sıra kommunal ödənişlər hələ də nağd qaydada ödənilir. Bu da sakinlərdə inamsızlıq yaradır.

“Bir tətbiq ilə şəffaf şəkildə ödəyə bilərəmsə və görə bilərəmsə ki, hara ödədim, bu, daha çox arxayınlıq yaradar. Ümumilikdə isə qapının döyülüb pulun istənilməsi indiki dövrdə insanlar üçün qəbuledilməz sayılır”, – deyə deputat əlavə edib.

“Lift-təmir” İstehsalar Birliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda paytaxt ərazisində 5 idarə var. Onlardan biri nağdsız ödəniş qəbul edir. Yaxın zamanda isə digər idarələrə də yeni sistem tətbiq olunacaq.

“Xüsusi pos-terminal aparatları mövcuddur. Nəzarətçilər vətəndaşa yaxınlaşır, yerindəcə vətəndaşın borcunu müəyyən edir və ona bildiriş təqdim edirlər. Həmin bildirişdə vətəndaşın onlayn ödəniş etməsi üçün lazım olan təlimat yerləşdirilib. Daha sonra vətəndaşlar rahatlıqla onlayn ödəniş edə biləcəklər”, – deyə “Lifttəmir” İstehsalat Birliyinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi İsfəndiyar Kələntərli qeyd edib.

Sözügedən sistem hazırda yalnız Xətai rayonunda keçərlidir.