Xəzər rayonunun Binə qəsəbəsində sakinlər sərnişin avtobusunun olmamağından şikayət edirlər. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az “Space News”a istinadən xəbər verir.

Söhbət Atçılıq yaşayış massivindən gedir. Dövlət tərəfindən 10.000 sakinin yaşadığı əraziyə sərnişin avtobusu ayrılsa da, 2 ildir ki, sakinlər həmin nəqliyyatdan istifadə edə billməyiblər.

“Şəhərə getmək üçün ya piyada getməliyik, ya da taksi ilə hərəkət etməliyik”, – deyə sakinlər bildirirlər.

Onlar iddia edirlər ki, xəttə ayrılan avtobuslar şəhərin digər istiqamətlərinə tələbə və şagird daşıyırlar. Daşıyıcının sahibini isə tapmaq mümkün olmur.

Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, 68 nömrəli marşrut üzrə yetərincə sərnişin axını yoxdur və xətt müsabiqəyə çıxarılsa da, heç kim müraciət etməyib. Həmçinin Binə qəsəbəsində istismar müddəti bitmiş yararsız mikroavtobuslarla qeyri-qanuni sərnişindaşıma xidmətinin göstərildiyi müəyyən edilib.

Qurum yaxın zamanda sözügedən marşrut xəttinin yenidən müsabiqəyə çıxarılacağını bildirilib.