Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup işçiləri ilə sağollaşır. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.

Teatrşünas Çingiz Ələsgərlidən əldə olunan məlumata görə, əməkdaşların işdən çıxarılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib.

“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər: “Qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin”. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, Mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edilib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi: “Sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm”.

Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, onunla işləmək istəmir. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki?! İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”, – deyə Ələsgərli bildirib. O, həmçinin nazirə müraciət edəcəyini də qeyd edib.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrından məlumat verilib ki, teatrda ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

“Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin”, – teatrdan qeyd edilib.