Bakı XIV Qısa Filmlər Festivalı keçiriləcək. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az festivala istinadən xəbər verir.
Cari il festivala 78 ölkədən 704 film göndərilib. Onların arasından 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulacaq.
Festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.
Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər, eləcə də gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.
Bundan əlavə, Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.
Eyni zamanda festival müddətində tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master-klası, qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intelekt texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.
Beynəlxalq müsabiqənin jüriləri aşağıdakılar olacaqlar:
- “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub mükafatlar qazanan Yavər Rzayev;
- Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi;
- Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov;
- Tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu.
“Asiya istedadları”nın münsiflər heyəti:
- Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov;
- Müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar;
- Bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə.
Yerli müsabiqədə yarışan filmləri qiymətləndirəcək jürilər:
- Rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəst-xəti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə;
- Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı;
- Müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev.
Film festivalı 10-15 noyabr tarixlərində baş tutacaq. Cədvələ buradan baxa bilərsiniz.