Bakının Suraxanı rayonunda qəsdən adam öldürməyə hazırlıqda təqsirləndirilən 32 yaşlı Tahir Hüseynovun məhkəməsi başlayır. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə cari il fevralın 16-da baş verib. Tahir Hüseynovun tanışı Elman Əsədovu qəsdən öldürməyə və əmlakını ələ keçirməyə hazırlaşdığı, bu məqsədlə fevralın müxtəlif günlərində onun rayonun Əmircan kəndindəki fərdi yaşayış evinə gələrək odlu silahdan istifadə etməsi, lakin özündən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməməsi barədə əsaslı şübhələr müəyyən edilib.
Hüseynova bir sıra, o cümlədən “Cinayətə hazıqlıq”, “Quldurluq” və digər maddələrlə yekun ittiham elan edilib.
Hücuma məruz qalan şəxs “Ballı” marketlər şəbəkəsinin sahibi Elman Əsədovdur. Hüseynov onun Suraxanı rayonunda yerləşən evinin həyətinə hasardan daxil olub və kiçik tikilidə gizlənib. Ev sahibinin qohumları bilyard oynamaq üçün silahlının gizləndiyi tikiliyə daxil olarkən orada gizlənmiş şəxsi görüblər.
Tahir Hüseynov havaya atəş açaraq qaçmağa çalışıb. Amma ev sahibinin yaxınları silahlı şəxsi tutaraq polisə təhvil veriblər.