Bakıda keçirilmiş RİZİN-in “Landmark 7” beynəlxalq turnirində qalib gələn yapon idmançı Çihiro Suzuki Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağına baş çəkərək orada qalan uşaqlarla görüşüb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az RTV-yə istinadən məlumat verir.
İdmançı xüsusi qayğıya ehtiyacı olan balacalarla vaxt keçirib, öz həyatından danışıb, onlara döyüş elementləri göstərib, xatirə şəkli çəkdirib.
“Mənim uşaqlığım çox yoxsul keçib. Valideynlərim məni zillətlə böyüdüblər. Ona görə də indi ehtiyacı olan insanlara əl tutmağı özümə mənəvi borc bilirəm”, – deyə Suzuki etiraf edib.
Görüşün sonunda o, uşaqlar üçün futbol meydançası tikdirəcəyini söz verib.
“Bunu onun üçün edirəm ki, siz də böyüyəndə insanlara mərhəmət göstərəsiniz, onlara qayğınızı əsirgəməyəsiniz”, – deyə Suzuki əlavə edib.