8 Noyabr Azərbaycanda Şuşanın azad olunması günü olaraq, Zəfər Günü kimi qeyd olunur.
44 günlük müharibə zamanı – 8 noyabr 2020-ci ildə Qarabağın incisi Şuşa Azərbaycan Ordusu tərəfindən ermənilərin işğalından azad edilib.
Azərbaycanın qələbəsi ilə sonlanan bu müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarılmışdır. İkinci Qarabağ müharibəsi zamanı 2908 hərbi qulluqçu həlak olmuş, 6 nəfər isə itkin düşmüşdür.
İlk öncə 10 noyabr tarixi Zəfər Günü kimi təsis edildi. Lakin həmin gün Türkiyənin qurucusu və ilk Prezidenti olan Mustafa Kamal Atatürkün anım günü olduğundan, ölkə başçısı İlham Əliyev tarixin dəyişdirilməsi barədə qərar qəbul etdi. Beləliklə, Zəfər Günü Şuşanın azad edilməsi ilə bağlı 8 noyabr tarixində qeyd olunmağa başladı.
10 dekabr 2020-ci ildə isə Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi.