Paytaxtda 15-16 noyabr tarixlərində Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

“Dayanıqlı maliyyə və investisiya” mövzusuna həsr olunacaq forumun keçirilməsində məqsəd Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Gündəliyinin icrası istiqamətində region ölkələri, eləcə də beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə maliyyə mexanizmlərinin yenidən qurulması, investisiyaların cəlbi, rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, “yaşıl” inkişaf və digər mövzularda sessiyalar, dəyirmi masalar təşkil olunacaq. Forumun yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunacaq.

Forumda Avropa, MDB ölkələrinin yüksəkvəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri, ekspertlər iştirak edəcəklər.