Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır.
Üçrəngli Bayrağın təsisçi və yaradıcılarından biri Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə olub. 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu Bayraqdan imtina edilmişdir. Hazırda Milli Azərbaycan Tarix Muzeyində Rəsulzadənin 1952-ci ildə 28 may ərəfəsində həyat yoldaşı ilə birlikdə hazırladığı üçrəngli Bayraq qorunur. Deyilənə görə, o, bu Bayrağı hər zaman üstündə gəzdirmiş, 1970-ci illərdə Rəsulzadənin silahdaşı tərəfindən həmin Bayraq Azərbaycana gətirilmiş, muzeyə təhvil verilmişdir.
Ömrünün sonuna kimi müstəqil vətəni uğrunda mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə demişdir: “Bir kərə yüksələn bayraq bir daha enməz”.
AXC-nin üçrəngli Bayrağı yalnız 71 il sonra, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi qəbul edilmişdir.