2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bununla İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi tarixə həkk olundu və bütün hərbi əməliyyatların dayandırılması elan edildi.

Bəyanata əsasən, Ermənistan 20 noyabr 2020-ci il tarixinədək Ağdam, 15-dək (sonradan 25-dək) Kəlbəcər, dekabrın 1-dək Laçın rayonlarını Azərbaycan Respublikasına qaytarır. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilir. Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən və Şuşa şəhərindən keçməyən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir. Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verməli idi. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcəyi nəzərdə tutulur.

Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin 10 noyabr Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğundan Azərbaycanda Zəfər Gününün noyabrın 8-də qeyd olunması haqqında qərar qəbul edilmişdir.