Binəqədi rayonu, Eldar Babayev küçəsində yaşayan sakinlər bildirirlər ki, burada öncədən qəzalı olan hasar külək zamanı uçaraq onların avtomobillərinə ciddi zərər vurub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Sakinlər deyirlər ki, hasar ərazidə yerləşən obyektə məxsusdur. Dəfələrlə qəzalı vəziyyətdə olması ilə bağlı obyekt sahibinə və Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) müraciət olunsa da, bir tədbir görülməyib.

Obyektin sahibi olduğunu bildirən şəxs məsələyə belə aydınlıq gətirib: “Bu hasar bizə məxsus deyil. Bu hasarı binanı inşa edənlər özləri tikiblər”.

Rəsulzadə qəsəbəsinin icra nümayəndəsi Zaur Qafarov deyir ki, RİH hasarın yenidən tikilməsinə etiraz etməyib: “Vətəndaşların şifahi müraciətləri ilə əlaqədar mən özüm hadisə yerində olmuşam. RİH olaraq biz həmin hasarın vətəndaşların hesabına sökülərək yenisi ilə əvəz olunması barədə etiraz bildirməmişik”.

Bəs avtomobillərə dəyən ziyanı kim ödəməlidir?

Vətəndaşlar deyirlər ki, avtomobillər İcbari Sığorta olduğundan zərəri sığorta şirkətləri qarşılamır.

Hüquqşünas Emil Aslanlının sözlərinə görə, hasarın kimə məxsusluğu müəyyən edilməli və bundan sonra həmin avtomobillərə dəymiş zərərlə bağlı avtomobillərin sahiblərinin həmin şəxslərdən pullarını tələb etmək hüquqları var. Dəymiş ziyan avtomobil sahiblərinə ödənilmədiyi halda, məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdiкlər.