Oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Yeni qərara əsasən, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Əmlak bazarında çıxarışlı evlərin qiymətinin artacağı gözlənilir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərə ünvanların verilməsində problem yaradır. Nazirlər Kabinetinin ötən ay qüvvəyə minən yeni qərarı çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbatın azalmasına gətirib çıxaracaq.

“Əvvəllər təxminən 40-50 minə başa gələn bir fərdi yaşayış evini indi təxminən ikiqat baha, 100-120 minə əldə etmək mümkün olacaq. Buna da əsas göstərən faktor həmin yerin, torpaq sahəsinin əldə edilməsi ilə bağlıdır və həm sənədləşmə işləri, həm gələcəkdə icazələrin alınması, kommunal təchizatı – bunların hamısı buna təsir göstərən amillərdir.

Hər hansı bir vətəndaş hər hansı bir fərdi yaşayış evi tikməzdən öncə ilk növbədə o torpağın mülkiyyət sənədini əldə etməlidir. Mülkiyyət sənədini əldə etdikdən sonra o, Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməli və sənədləri eskiz layihəsi ilə birlikdə təqdim etməlidir. Yalnız orada müsbət qərar aldıqdan sonra Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verməli və bundan sonra inşaatı həyata keçirməlidir. Bu prosedurlar keçmədən vətəndaş hər hansı bir evi və yaxud qeyri-yaşayış binasını tikə bilməyəcək”, – deyə Qasımzadə əlavə edib.

Ekspert qeyd edib ki, artıq bələdiyyələr tərəfindən kommunal xətlərin çəkilməsi üçün hər hansı sənədin verilməsi də mümkün olmayacaq. Tikintiyə icazə əsas sənəd hesab olunacaq.