Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov, 43A ünvanında yaşayan sakinlər su ilə bağlı çətinlik çəkirlər. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Şərur İnşaat”a məxsus “Şaiq” MTK binası sakinlərinin sözlərinə görə, onlar 2 aya yaxındır ki, susuz qalıblar. Qurumlara müraciət edilsə də, problem aradan qaldırılmır.
“Şirkətlərə müraciət etsək də, şikayətlərimizi nəzərə almırlar. Aylıq kommunal ödənişləri yığırlar, lakin suyu vermirlər. “Azərsu”ya müraciət edəndə də onlar bildirirlər ki, problem binanın su xəttindədir”, – deyə sakinlər şikayət edirlər.
“Azərsu” ASC-dən verilən məlumata görə, ötən həftə su kəmərində təmir işləri aparılıb və bu səbəbdən su təchizatında fasilə yaranıb.
“Əlavə olaraq “Şaiq” MTK və “Safari” MTK bir xətdən qidalanır. Bu səbəbdən “Şaiq” MTK-nın su anbarı axıra kimi dolmur və sakinlər suyun verilməsi ilə bağlı problem yaşayırlar. Onlar özlərinə yeni su xətti çəkməlidirlər, digər binadan aslı olmamalıdırlar”, – deyə “Azərsu” ASC açıqlama verib.
“Şərur İnşaat” da öz növbəsində bildirir ki, MTK-nın su xəttində heç bir problem yoxdur. Anbarın dolmamasının səbəbi odur ki, “Azərsu”nun su xəttində təzyiq çox aşağıdır və buna görə sakinlər susuz qalırlar.