Məhəmməd Həsən Cəfərqulu oğlu Hacınski 3 mart 1875-ci ildə Bakıda anadan olub.

O, 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib, bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləyib. 1908-ci ildən o, Bakı Şəhər İdarəsində tikinti şöbəsinə başçılıq edib, Bakının abadlaşdırılması işlərində iştirak edib. 1909-1910-cu illərdə Bakı Dənizkənarı Parkının salınması Hacınskinin fəaliyyəti ilə bağlıdır. O, 1913-cü ildə Bakı Şəhər İdarəsinin rəisi olur, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürür.

Hacınski 1902-1917-ci illərdə Bakı Şəhər Dumasının üzvü olub və bir çox iclaslarına sədrlik edib. O, 1904-cü ildə “Hümmət” təşkilatını yaradanlardan biridir. Hacınski, həmçinin “Nəşri-maarif” cəmiyyətini yaradanlardan biri, “Nicat” cəmiyyəti idarə heyətinin, “Müsəlman xeyriyyə cəmiyyəti” Mərkəzi Komitəsinin və başqa təşkilatların üzvü olub. [Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I cild. Bakı-2004]

1918-ci ildə Hacınski Trabzonda Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparıb. Osmanlı dövlətinin sülh təşəbbüsü ilə çıxış etməsində Hacınskinin mühüm rolu olub.

Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra edib. ZDFR-in süqutundan sonra o, Azərbaycan Milli Şurasının üzvü olub. Hacınski Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri olub və Azərbaycanın ilk xarici işlər naziri təyin edilib. Hacınski 1918-ci il 6 oktyabrdan maliyyə naziri, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifələrini tutub, Azərbaycan Parlamentinin üzvü olub. O, Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi.

Sovet işğalı dövründə bir müddət Azərbaycan SSR Dövlət Plan Komitəsində çalışan Hacınski 1923-cü ildə ZSFSR Dövlət Plan Komitəsinin sədr müavini təyin olunub. 1924-cü ildə Bakıda Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Mərkəzə Sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün Hacınski ilə birgə AXC Hökumətinin digər üzvləri də daxil idi. [Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər nazirləri. Bakı-2003]

3 dekabr 1930-cu ildə L.Beriyanın göstərişi ilə Hacınski həbs edilib və ağır işgəncələrə məruz qalıb. Həbsxana şəraitində ürək xəstəliyinə və vərəmə tutulan Hacınski istintaq sənədlərinə görə, 7 fevral 1931-ci ildə özünü asaraq intihar edib. Digər ehtimala görə, o, 8 mart 1931-ci ildə Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilib.

Hacınski Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.

[Гаджинский Мамед Гасан – инженер, член правительства АДР, член правительства ЗСФСР, репрессирован — OurBaku]