Nərimanov rayonunda evləri sökülən sakinlər şikayət edirlər. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.

Rayonun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində aparılan söküntü işləri səbəbindən 51 ailənin yaşadığı 5 mərtəbəli bina da dağıdılır. Əvəzində isə mənzil sahiblərinə kompensasiya təklif edilib. Ancaq bəziləri məbləğlə razılaşmırlar.

“1 otağa 120.000 AZN verirlər. Kvadratmetrə 4000 AZN düşür. 3 otağa isə 280.000 AZN əvəzinə 170.000 AZN təklif edirlər. Həmin pula mən buradan ev ala bilməyəcəyəm. Deyirlər: “Gedin Masazırda, Xırdalanda yaşayın”. 60 ildir burada yaşayıram, başqa yerə niyə geməliyəm ki?”, – deyə sakinlər şikayət edirlər.

Bakı ŞİH-nin şöbə müdiri Ayaz Hüseynov məsələ ilə bağlı bildirib ki, istismar müddəti bitmiş binaların, eyni zamanda qanunsuz tikililərin söküntü işləri həyata keçirilir. Həmin ərazidə yeni parkın inşası nəzərdə tutulub. Kompensasiya ilə razılaşmayan 30 ailəyə gəldikdə isə onlarla razılaşdırılmamış binanın söküntüsünə başlanılmayacaq.