Bakının Yasamal rayonu, “İnşaatçılar” metro stansiyası yaxınlığında siqaret çəkən şəxslər cərimələniblər. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.

Sözügedən ərazidə polis əməkdaşları siqaret çəkən və kötükləri yerə atan şəxslərə qarşı reyd keçiriblər. Vətəndaşların sıx olduğu yerlərdə tütün məmulatlardan istifadə edən sakinlərin bəziləri cərimələniblər, digərləri ilə maarifləndirici söhbətlər aparılıb.

Qanuna əsasən, ictimai yerlərdə siqaret çəkməyə yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir. İcazə olmayan yerlərdə tütün məmulatları istifadə edənlər 30 manat, siqaretin kötüklərini yerə atanlar isə 50 manat məbləğində cərimələnirlər.

Cərimələr bir ay müddətində ödənilməlidir. Əks halda həmin şəxslərdən məhkəmə yolu ilə ödəniş tələb olunacaq.

Reydlərin paytaxtın digər rayonlarında da davam edəcəyi bildirilir.