Paytaxtda yaşayan sakinlər hər gün tıxaclarda saatlarla vaxt itirirlər. Bu problemə bir çarə tapılmaması bir yana, hər il ölkəyə gətirilən avtomobillərin sayı artır. Mütəxəssislər isə deyirlər ki, digər ölkələrlə müqayisədə Azərbaycanda fərdi nəqliyyat vasitələrinin sayı çox deyil, əksinə, azdır. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Bu il mayın 21-dən etibarən ölkəyə xaricdən avtomobillərin gətirilməsinə məhdudiyyət qoyuldu. Yeni qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik maşınlarının ölkə ərazisinə gətirilməsi qadağan edildi. Lakin bu məhdudiyyət belə ötən ilin eyni dövrü ilə müqayisədə artımın qarşısını ala bilməyib.
Mütəxəssislər idxalın 30 faiz çoxaldığını deyirlər. Ölkəyə daxil olan nəqliyyat vasitələrinin əksəriyyəti paytaxt yollarında istifadə olunur, tıxaclar da göz qabağındadır. Mütəxəssislər bildirirlər ki, problem ölkəyə avtomobillərin çox gətirilməsi yox, ictimai nəqliyyatın işinin düzgün təşkil edilməməsidir.
Ekspertlər ictimai nəqliyyat normal işləmədikdə insanların fərdi avtomobillərə daha çox üstünlük verdiklərini deyirlər. Belə olduqda da tıxacların artması normaldır, amma əhalisi və avtomobil sayı Azərbaycandan daha çox olan ölkələrdə vəziyyət xeyli fərqlidir.
“Dünyanın böyük şəhərlərinin, məsələn Çinin, Avropanın böyük şəhərlərinin təcrübəsinə, onların Bakı kimi və Bakıdan daha böyük əhalisi olan şəhərlərinə baxanda görürük ki, metro stansiyalarının sayı yüzlərlədir. Misal üçün Madrid şəhərində 290 metro stansiyası var, amma Bakıda cəmi 27 stansiya var. Bakının avtobus parkına baxırıq, xarici ölkələrlə dəfələrlə fərq var. Bizdə avtobusların qrafikində çox ciddi problem var”, – deyə ekspertlər bildirirlər.
Bakı iqtisadi hərəkətliliyə görə ölkənin digər bölgələrindən xeyli irəlidə olduğu üçün mərkəzə insan axını günü gündən artır və sadalanan problemlər aradan qaldırılmadığı müddətdə tıxaclar daha çox dözülməz vəziyytə gəlib çıxacaq. Mütəxəssislər problemin digər həllini bölgələrin inkişafına daha çox diqqət yetirməkdə və əhalinin marağını rayonlara yönəltməkdə görürlər.