Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil kafedrasının sabiq müdiri Dürdanə Əliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə oxunub. İttiham tərəfi Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dürdanə Əliyevanın qanunsuz əməlləri barədə tələbələrdən daxil olmuş çoxsaylı şikayətlər əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin “Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə”, “Rüşvət verməyə təhrik etmə”, “Rüşvət alma” maddələri ilə cinayət işi açılıb.
İttihama görə, Dürdanə Əliyeva 2018-2021-ci illərdə Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil kafedrasının müdiri vəzifəsində çalışarkən 123 tələbənin təhsil haqqını ödəmək adı ilə aldığı 226.000 manat pulu mənimsəyib.