Azərbaycan su probleminin 2040-cı ilə qədər ən çox olduğu 33 həssas ölkə arasında 18-ci yeri tutacaq. 2025-ci ilə qədər Azərbaycanın adambaşına ən aşağı zəmanətli su ehtiyatlarına malik 13 ölkə arasında olacağı proqnozlaşdırılır. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-lərin maliyyələşdirilməsi” adlı hesabatda deyilir.
Hesabatda qeyd olunub ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemi köhnəlib və səmərəsizdir. Bundan əlavə, ölkənin köhnə su sistemləri səbəbindən suyun təxminən 50 faizi son təyinat məntəqəsində itir.
Hesabatda tullantı sularının təmizlənməsində dairəvi təsərrüfat işlərinin aparılması üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, səmərəliliyin artırılması məqsədilə təmizlənmiş tullantı sularından kənd təsərrüfatı, energetika və müxtəlif sənaye sahələrində istifadə oluna bilər.