Bakının Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən, 30-cu korpus ünvanında üç həftədir su problemi yaşanır. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.

Ərazinin bir hissəsində evlərin çoxu su borularının üstündə tikildiyinə görə borular partlayaraq su evlərə daşır. Bu səbəbdən qurumun əməkdaşları gələrək suyun qarşısını kəsirlər.

“Su boruları zaman-zaman çürüyür və evlərin altından fontan çıxır. Sakinlər “Azərsu” ASC-nin əməkdaşlarını çağırırlar ki, gəlib düzəltsinlər, onlar gəlib suyu kəsirlər və gedirlər. Bu səbəbdən digər sakinlər günlərlə susuz qalırlar”, – deyə sakinlər şikayət edirlər.

Məsələ ilə bağlı Binəqədi rayon Sukanal İdarəsindən məlumat veriblər ki, bu problem sözügedən ərazidə su xətlərinin köhnə olmasına görə baş verir. Həmçinin problem qısa müddət ərzində həll olunacaq.

Əlavə olaraq hazırda su xətlərinin köhnə olmasına görə qurumdan bildirildi ki, hazırda Binəqədi rayonunun müxtəlif ərazilərində yenilənmə işləri gedir və gələcək zamanda sözügedən ərazinin su xətləri yenilənəcək.