Nərimanov rayonunda daş hasar avtomobilin üzərinə aşıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Maşın sahibinin sözlərinə görə, hasarın qəzalı vəziyyətdə olması barədə obyekt sahibinə dəfələrlə xəbərdarlıq etmişdi, ancaq heç bir tədbir görülməmişdi. Bu gün isə həmin şəxslər avtomobilə dəyən ziyanı ödəməkdən imtina edirlər.
Bundan əlavə, uçqün səbəbindən ərazidən keçən qaz və su kəmərləri də zədələnib.
“Nə hasarı düzəldirlər, nə də maşınımı. Müraciət etmişəm ki, maşınımı düzəltsinlər, deyirlər: “Bizlik deyil”. Kasko sığortası da olmadığından sığorta məsələni həll etmir”, – deyə zərərçəkən qeyd edib.
Obyekt sahibi isə məsələ ilə bağlı bildirib ki, zərərçəkən hasarın qəzalı olduğunu bilirdisə, maşını orada saxlamamalı idi.
“Hasarı biz öz hesabımıza bərpa etməyə hazırıq, ancaq maşını təmir etməyə gücümüz yoxdur”, – deyə o əlavə edib.