Ali Məhkəmədə üç nəfəri aldatmaqla ümumilikdə 63 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsin kassasiya şikayətinə baxılıb.
Hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs paytaxtın Nizami rayonunda yerləşən 30 kvadratmetrlik torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək vədi ilə Şakir İsayevdən 2020-ci ilin sentyabrında 17 min manat, daha sonra isə 20 min manat alıb. Nəticədə zərərçəkmişə 37 min manat ziyan vurulduğu iddia edilib. Digər epizod üzrə o, tanıdığı şəxsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə düzəltmək vədi ilə aldadaraq 9 min manat alıb.
İttihamın üçüncü epizodunda isə qabaqcadan əlbir olduğu Bahəddin adlı şəxslə birlikdə zərərçəkmişin Binəqədi rayonunun 7-ci mikrorayonunda yerləşən mənzilinə çıxarış almaq vədi ilə ondan 17 min manat aldığı bildirilib.
Beləliklə, üç epizod üzrə zərərçəkmişlərə ümumilikdə 63 min manat maddi ziyan vurulduğu iddia olunub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmədə verilən kassasiya şikayəti də təmin olunmayıb.
Mənbə: Pravda.az