top
14 mindən çox eksponat toplayan kolleksiyaçı ilə ÖZƏL MÜSAHİBƏ
08 yanvar 2025, 06:31
- +

14 mindən çox eksponat toplayan kolleksiyaçı ilə ÖZƏL MÜSAHİBƏ

“Muzey açmaqdan ümidimi kəsib, qəssab olmağa qərar verdim. Həmin gün yıxıldım, iki biləyim də sındı”.

Şağandayıq. Bu gün Səyavuş bəyin evinin, başqa cür desək, muzeyinin qonağıyıq.

25 illik kolleksiyaçının sorağı ilə Etno-Art Mərkəzinə üz tutduq. 14 mindən çox kolleksiyası olan muzeyi gəzdik, Səyavuş Əlizadə ilə həmsöhbət olduq.

Kolleksiyaçının 25 il ərzində topladığı kolleksiyalardan yaradılmış bu muzey Bakının Şağan qəsəbəsində yerləşir. Muzey mərkəzində Əməkdar artist Bəhruz Zeynalov, Xalq rəssamı Mir Nadir Zeynalov, akademik Məşədixanım Nemətova, yazıçı Ələviyyə Babayeva, aktyor Hamlet Xanızadə, şair Bəbir Məmmədzadə, keramist-rəssam Ədalət Bayramlı və digər görkəmli şəxslərin külliyyatı yer alıb.

12 yaşından şəxsi təşəbbüslə yığdığı eksponatlarla yaratdığı bu muzeyin təxminən 4 yaşı var. 3 otaqda olan bu muzey həm yaşına, həm də ölçüsünə görə kiçik olsa da, içinə çox böyük xatirələr sığdırıb Səyavuş bəy.  

Muzeyin içi o qədər gözəldir ki, nə göstərməyə zaman, nə də danışmağa sözlər bəs edər. Ona görə təsviri bizdən yox, elə Səyavuş bəyin özündən öyrəndik.

Bakuplus.az “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə ilə müsahibəni təqdim edir:

– Səyavuş bəy, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz.

– 1988-ci ildə qədim Bakının Şağan kəndində anadan olmuşam. 2021-ci ildən bəri Sevda Abdullayev adına “Xəzər” Muzey Mərkəzinin təsisçisiyəm.

– Kolleksiya yığmağa nə zamandan başlamısınız?

– Kolleksiya yığmağa ailə üzvlərimin, yaxınlarımın, xüsusən də yaşlı insanların dəstəyi, məsləhəti ilə başlamışam. Elə kolleksiyamın ilk üzvləri ailə yadigarlarımız olub. Ulu nənə və babalarımdan qalan eksponatları bir-bir topladım. Nənəm illərin ailə yadigarlarını mənə göstərəndə marağım yaranmağa başlamışdı. Düşünürdüm ki, nənəm illərdir bu əşyaları ailə yadigarı kimi öz sandığında saxlayır. Mən də bunu gələcək nəsillərə ötürməyə qərar verdim.

Zaman keçdikcə qohum və tanışlarımın özləri ailə yadigarlarını, tarixi əşyalarını mənə hədiyyə etməyə başladılar. Belə-belə 1 oldu 3, 3 oldu 5. Ətrafım genişləndi, çox insan bundan xəbər tutdu.

Həmin əziyyətin nəticəsi olaraq bu gün həm muzeyim var, həm də 14 mindən çox eksponatım.

– Evinizdə muzey açmaq fikri necə yarandı bəs?

– Əslində bu mənim evim deyil. Buranı müəlliməm, 40 illik pedaqoq fəaliyyəti ilə məşğul olan Sevda Abdullayeva hədiyyə edib. 2015-ci ildə Şağanda yeni tikilən məktəbdə Sevda müəllimə mənə bir otaq ayırdı. Bir neçə müddət sonra daha geniş ərazini verdi ki, kolleksiyamı orda yığım. O zamanlar indiki qədər eksponatım yox idi. 6-7 min ədəd sərgi modeli vardı.

Yaş həddinə görə Sevda müəllimə məktəb direktorluğundan pensiyaya göndərildi. O getdikdən sonra mən də kolleksiyamı götürüb məktəbdən çıxdım. Təxminən 1 il eksponatlarım ortalıqda qaldı. Düzdü, qorudum, saxladım. Ancaq gücüm buna çatırdı, nümayiş etdirməyə gücüm çatmırdı.

2020-ci il həmin müəlliməm məni evinə dəvət etdi. Eksponatların harada olduğunu soruşdu, qutulara yığdığımı dedim. Onları gətir bura dedi. Səbəbini soruşanda isə bundan sonra gələcək fəaliyyətini bu həyətdə davam etdir söylədi. Sevda Abdullayeva öz həyətinin yarısını içərisində 3 otaqlı ev olmaq şərti ilə mənə bağışladı.

– Yəqin ki, bu hədiyyə sizi muzey mərkəzinin açılışına aparan yol oldu…

– Düşünürəm ki, nəyinki bu ev, bağışlanan heç bir eksponat mənim deyil. Onlar hamısı bu xalqın, dövlətindi. Bunlar xalqa qalan kolleksiya nümunələridir ki, sadəcə onları yığıb qorumaq və gələcək nəslə çatdırmaq mənə qismət oldu.

Beləliklə, 2021-ci il dekabrın 7-də həmin yerdə Etno-Art Mərkəzi – “Xəzər” Muzey Mərkəzi açıldı. Bu günə qədər muzeydə 7 ekspozisiyamız nümayiş olunur.

– Hazırda kolleksiyanızda neçə ədəd eksponat var?

– Bu gün kolleksiyamızda 14 mindən çox eksponat var. 14 min eksponat 30-dan çox fərqli kolleksiyaları özündə cəmləyir. Bir də bizim muzeyin əsas özəlliyi odur ki, kolleksiyaçıların kolleksiyalarını toplayırıq. Yəni kolleksiyaçı öləndən sonra onun yığdığı eksponatlar itib-batır. Bizim məqsədimiz bunları qoruyub saxlamaqdı. Artıq bir neçə kolleksiyaçı öz yığdıqlarını bizim muzeyə hədiyyə ediblər.

Onlar arasında Habil Zeyniyev 1900-cu ildən 2000-ci ilə qədər çıxan “Siqaret və Papiros” kolleksiyasından topladıqlarını bizə bağışladı. Cana ziyan olmasına baxmayaraq, ən maraq kəsb edən kolleksiyalardan biridir.

– Kolleksiyanızda ən qiymətli və ən çox bəyəndiyiniz əşya hansıdır?

– Kolleksiyada ən sevdiyim eksponatın hansı olduğunu desəm, sizi bilmirəm, amma onlar məndən küsərlər. Çünki mən onlara cansız yox, canlı əşya kimi yanaşıram. Hər birini sevirəm. Elə vaxt olub ki, rəssam öz əsərini bəyənməyib və kolleksiyadan çıxarılmasını istəyib. Amma mən razı olmamışam. Demişəm ki, o əsər sizi mənə tanıdıb.

– Kolleksiya yığarkən hansı meyarlara əsaslanırsınız?

– Kolleksiya yığarkən öz meyarlarım və öz kriteriyalarım var. Mən uşaq olan zaman kolleksiyaçılar mənə bir profili və o profilin bir istiqamətini toplamağımı tövsiyə edirdilər. Amma mən hərtərəfli kolleksiya yığmağı qərar vermişdim. Muzey açmağıma kömək olan əsas qərarım da bu oldu.

– Kolleksiyanızda yeni bir əşya tapmaq nə qədər çətindir?

– Bu gün kolleksiya toplamaq mənim üçün o qədər də çətin deyil. Çünki dostlarım uyğun gördükləri eksponatları mənə göndərirlər. Bununla yanaşı, yaradıcı dostlarımız özlərində olan bir çox maraqlı eksponatları hədiyyə edirlər. Düzdü, elə eksponatlar, kolleksiya nümunələri var ki, ölkə xaricindədir. Onları əldə etmək üçün bir qədər məbləğ lazım olur. Amma yenə də çətinlik çəkmirəm.

– 25 ildir bu eksponatları yığırsız, nə qədər pul xərcləmisiz?

– Nə yalan deyim, bu müddət ərzində nə qədər xərclədiyimi xatırlamıram. Mən başqa gənclər kimi pulu geyinməyə, yeyib-içməyə, gəzməyə deyil, eksponatların əldə olunmasına sərf etmişəm. Kimsə məndən soruşanda ki, sənin bu işdə maddi marağın nədir, pis təsir edir. Çünki bu iş mənim ruhumun istəyidir. Onu qazanc üçün yox, sevərək edirəm. İlk zamanlar başlayanda yaşım da az idi. Heç bir şey düşünmürdüm. Bircə onu bilirdim ki, bunları toplamaqdan zövq  alıram.

Sonralar  zaman keçdikcə və yaşım artdıqca gördüyüm işin mahiyyətini anlamağa başladım. Qeyd etdiyim məbləğ də sadəcə xərclənən məbləğdir. Bu muzeyə daxil olan eksponatların əsil dəyəri deyil. Mənə çoxlu hədiyyələr də olub. Onların çox böyük dəyəri var. Aldıqlarım da var arasında, amma çoxu hədiyyədir.

– Kolleksiyanızda ən maraqlı və ya qəribə əşya hansıdır?

– Kolleksiyamdakı hər bir əşyanın demək olar ki, özünə xas maraqlı və qəribə tarixçəsi var. Bir çox kolleksiya nümunələrim var ki, özlərinin mistik auraları var. Bunu bir başqasına başa salmaq olmur. Gərək həmin aurada özləri olsun.

– Kolleksiyanıza əlavə etdiyiniz ən son eksponat hansı olub?

– Son günlər yeni eksponatlar gəlir. Sizinlə müsahibədən az öncə aldığım bir eksponat var. Həmin eksponat heykəltəraş dostlar Rahib Qarayev və Namiq Hüseynov tərəfindən hədiyyə olunan 1910-cu ilə aid olan Bakının planıdır.

– Kolleksiya ilə bağlı ən böyük təcrübəniz və ya ən yadda qalan anınız nədir?

– Çox gözəl sualdır və bununla bağlı sizə bir neçə detal danışacam. Həmişə fikirləşirdim ki, muzeyim işim alınmasa, hansı işlə məşğul olum. Çox gülməli görünsə də, qəssablığı yaxşı bacarıram. Bəzilərinə qəribə gələ bilər, amma mən bunu bacarıram. Əgər muzey işi alınmasaydı, qəssab olacaqdım.

Elə bir neçə il qabaq, muzey açılmamışdan öncə dedim ki, artıq alınmır, eksponatlar evdədir. Bu işin başını buraxıb qəssab oluram. Yer axtardım, işi qurmaq üçün düşündüyüm gün yıxıldım və hər iki biləyim sındı. Bu hadisə qəssablıq işimi ləngitdi. Nəticədə bir neçə ay sonra Sevda müəllimə məni çağıraraq evini hədiyyə etdi. Muzeyin açılışı günü də evini hədiyyə etdiyi üçün Sevda Abdullayeva adına olduğunu elan etdim.

Qeyd edim ki, muzey açmaq fikrindən daşınan kimi, kimsə mənə qiymətli bir eksponat hədiyyə edirdi.

– Kolleksiyaçı olmaq istəyənlərə nə kimi məsləhətlər verərdiniz?

– Hər bir insanın həyatda məqsədi olmalıdır. Xüsusi ilə kolleksiyaçıların. Bu gün ətrafımda 14-15 yaşında olub, kolleksiya toplayan uşaqlar var. Bəzən hətta məni də şoka salırlar. Artıq 25 ildir ki, bu sahədəyəm. Hər bir vətəndaşa, marağı olan insana kömək etməyə hazıram.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Dünən, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Dünən, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Dünən, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Dünən, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Dünən, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Dünən, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Dünən, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Dünən, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
28 avqust 2026, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
28 avqust 2026, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
28 avqust 2026, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
28 avqust 2026, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
28 avqust 2026, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
28 avqust 2026, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
28 avqust 2026, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
28 avqust 2026, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
28 avqust 2026, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
28 avqust 2026, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
28 avqust 2026, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
28 avqust 2026, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
28 avqust 2026, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
28 avqust 2026, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
28 avqust 2026, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Xəbər
27 avqust 2026, 17:31

"Kosmetoloq"un cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi

Xəbər
27 avqust 2026, 16:49

"Sabah"ın polşalı üzvünə sabiq "Qarabağ"lı həmyerlisindən dəstək – "İndi peşman deyil"

Xəbər
27 avqust 2026, 16:41

Bəstəkar, dirijor olmaq üçün 60 bal kifayətdir - Şərtlər açıqlandı

Xəbər
27 avqust 2026, 16:04

Prezident İlham Əliyev "Sabah" futbol klubuna 5 milyon manat ayırıb

Oxşar xəbərlər