top
Azərbaycanın ən yüksək nöqtəsində klip çəkən Dilarə Kazımovanın GENİŞ MÜSAHİBƏSİ
Bu gün, 16:39
- +

Azərbaycanın ən yüksək nöqtəsində klip çəkən Dilarə Kazımovanın GENİŞ MÜSAHİBƏSİ

"Günəş, yüngül meh, səssizlik, yalnız sən və dağlar". 2014-cü ildə "Avroviziya"da Azərbaycanı təmsil etmiş tanınmış müğənni Dilarə Kazımova ölkəmizin ən yüksək zirvəsi - 4 466 metr hündürlüyü olan Bazardüzü dağında keçirdiyi unudulmaz anları məhz bu sözlərlə xatırlayır.

Sənətçi Bazardüzüyə "Zirvə" adlı klipinin çəkilişləri üçün qalxıb və dünyanın ilk müğənnisidir ki, öz ölkəsinin ən yüksək nöqtəsində klip çəkib.

Dilarə Kazımovanın ekspedisiyası 8-10 sentyabr tarixlərində baş tutub, o, zirvəyə qalxmaq üçün təxminən altı saatlıq piyada yol qət etməli olub. Müğənni üçün bu, ilk belə təcrübə idi, lakin Dilarə artıq bu sınağı təkrarlamağı planlaşdırır. Onun sözlərinə görə, bu səyahət insanı dəyişdirən, həm fiziki, həm də mənəvi baxımdan sınağa çəkən bir təcrübə olub.

İdman.Biz Dilarə Kazımova ilə həyata keçirdiyi bu qeyri-adi və olduqca maraqlı layihə barədə həmsöhbət olub.

- "Zirvə" mahnısı sizin üçün nə ifadə edir?

- Bilirsiniz, bu mahnı həm mənim, həm də onun üzərində çalışan bütün komanda üçün xüsusi mənaya malikdir. O, sadəcə motivasiyaedici deyil - mahnının əsas ideyası ondan ibarətdir ki, hər bir insanın öz yolu və öz zirvəsi var. Biz hər gün daha yaxşı olmağa çalışırıq, çətinliklərlə üzləşirik. Lakin öz gücümüzə inanmağı dayandıranda özümüzə əsas maneə elə özümüz oluruq.

Bir çox insanlar düşünür ki, heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Amma əslində biz nəyə qadir olduğumuzu çox zaman dərk etmirik. Bu mahnı öz zirvəsinə doğru irəliləyən, yorulan, yıxılan, amma yenidən qalxıb yoluna davam edən insanlar üçündür. Hansı məqsədlə getdiyin fərq etmir - istər ruhun, istər şüurun, istərsə də bədənin üzərində işləyirsən. Axı hər birimizin içində elə bir mübarizə gedir ki, onu yalnız biz özümüz bilirik. "Zirvə" insanın daxili "Mən"inə ünvanlanmış bir çağırışdır.

- Belə bir klip çəkmək ideyası sizə necə gəldi?

- "Zirvə" mahnısına klipi məhz Azərbaycanın ən yüksək nöqtəsində çəkmək təklifi mənə gecə saat üç radələrində "Foxytoxymedia" prodüser agentliyi tərəfindən gəldi. Biz məsələni araşdırdıq və məlum oldu ki, indiyə qədər heç bir sənətçi öz ölkəsinin ən yüksək nöqtəsində musiqi klipi çəkməyib. Bəzən müğənnilər zirvələrə helikopterlə qalxıblar, amma oraya piyada qalxaraq bütün prosesi lentə almaq - bu, hələ heç kimin etmədiyi bir şey idi. Onda düşündük ki, Azərbaycanın adından bunu ilk edən biz ola bilərik.

Bilirsiniz, mən bununla həqiqətən qürur duyuram. Bu ideyaya görə "Foxytoxymedia"ya minnətdaram. Düzünü desəm, özüm tək bunu ağlıma gətirməzdim. Amma çox xoşbəxtəm ki, biz bu fikri həyata keçirə bildik. Bu, bizim dördüncü ortaq layihəmiz idi - bundan əvvəl Castin Timberleykin mahnısına kover, həmçinin "Parla" və "Tez Gəl" kliplərini çəkmişdik. Hazırda da əməkdaşlığımız davam edir və məncə, olduqca uğurlu alınır.

- Zirvəyə qalxmaq prosesinə necə hazırlaşdınız?

- Hazırlıq təxminən ay yarım - iki ay çəkdi. Bizə "Red Bull" və "Vikings Hammer" komandasının idmançılar üçün təlim keçən üzvləri dəstək göstərdilər. Belə bir işdə uzun məsafələrə dözümlülük çox önəmlidir, halbuki gündəlik həyatda bu keyfiyyət nadir hallarda sınaqdan keçir. Mən hər zaman idmanla məşğul olmuşam, amma bu təcrübə tamam başqa idi.

Qalxış təxminən altı saat çəkdi. Əvvəlcə Xınalığa getdik, oradan bizi avtomobil bir qədər də yuxarı əraziyə apardı, həmin nöqtədən isə artıq rabitə əlaqə kəsildi. Təxminən iki saat yol getdik, daha sonra bir saat piyada hərəkət edərək düşərgəyə çatdıq. Bütün bu müddətdə sən tamamilə xarici dünyadan təcrid olunursan və artıq fikrindən dönmək kimi bir seçim yoxdur. Gecəni çadırlarda keçirdik, səhər saat 4:30-da qalxmağa başladıq. Günorta saat birə qədər zirvəyə çatdıq.

Təbii ki, "komfort zona" çıxmaq lazım gəlir: çadırda yatırsan, soyuqda nəfəsindən buxar çıxır. Beyin isə durmadan deyir: "Niyə özünü bu vəziyyətə salırsan? Dön evinə, isti yerinə get." Amma bir məqam gəlir ki, anlayırsan - əgər artıq buradasansa, sona qədər getməlisən.

- Sizi kim müşayiət edirdi?

- Bizimlə iki peşəkar idmançı, operator və ideyanı irəli sürən prodüserim vardı. Aramızda razılaşma belə idi: ya bunu birlikdə edirik, ya da mən bu layihəyə qoşulmuram.

- Qalxmaq zamanı çəkiliş texniki baxımdan necə keçdi?

- Bizim bir neçə kamera və obyektivimiz vardı, lakin yüksəkliyə qalxdıqca təzyiq o qədər azaldı ki, texnika işləməməyi başladı, kameralar öz-özünə sönürdü. Bununla bağlı çox narahat idik. Təsəvvür edin, o qədər yolu qət edib heç nə çəkə bilməmək! Bu, çox acı olardı. Ən pisi isə odur ki, heç kim bizə inanmazdı ki, həqiqətən zirvəyə çatmışıq (gülür).

Buna baxmayaraq, indi də elə insanlar var ki, Bazardüzüyə qalxdığımıza inanmır. Amma xoşbəxtlikdən bizdə hündürlükdən çəkilmiş kadrlar qalıb. Onlar açıq şəkildə sübut edir ki, bu, həqiqətən mümkündür.

- Deyirlər ki, dağa qalxmaq insanın daxili dünyasına da təsir edir...

- Bu, tamamilə doğrudur. Bilirsiniz, qalxış təkcə fiziki deyil, həm də mənəvi baxımdan çox çətin idi. Zirvəyə qalxdıqca daxilində bir çox dərk prosesi baş verir. Ən önəmlisi isə odur ki, sən yolda olanda heç nə haqqında düşünə bilmirsən - yalnız yolun özünü hiss edirsən. Bu isə inanılmaz bir hissdir. Günəş, yüngül meh, səssizlik, yalnız sən və dağlar... Bu hiss mənə də keçdi və əminəm ki, bu, son zirvə yürüşüm olmayacaq.

Dağlar insanın beynini inanılmaz dərəcədə boşaldır, özünə inamı artırır. Arxaya baxıb keçdiyin yolu gördükdə özünlə qürur duyursan. Anlayırsan ki, istənilən çətinliyi dəf edə bilərsən. Zirvəyə çatanda ağladığımı xatırlayıram. Sadəcə inana bilmirdim ki, biz bunu bacardıq...

Turizm təcrübəsi olan dostlarım məni xəbərdar etmişdilər ki, qayıdanda başqa bir insan olacağam. İndi sizinlə danışarkən boğazımda yenə bir düyün hiss edirəm, çünki onlar haqlı idilər. Belə anlar həqiqətən insanı dəyişdirir. Mən hələ də baş verənləri dərk etməyə çalışıram. Ona görə də hər kəsə belə bir təcrübəni ömründə ən az bir dəfə yaşamağı tövsiyə edirəm. Amma, əlbəttə, əvvəlcə sağlamlığınızın buna imkan verdiyinə əmin olun.

- Bazardüzü zirvəsini fəth etdiniz. Bəs şəxsi həyatınızda və karyeranızda hansı zirvələr sizi gözləyir?

- Zirvələr həmişə irəlidədir. Əgər düşünürəmsə ki, artıq ən yaxşısına çatmışam, bu, həm kədərli, həm darıxdırıcı, həm də, açığı, bir qədər bədbin fikirdir. Məncə, insanın daim irəliləməyə, həm daxildə, həm də xaricdə inkişaf etməyə məqsədi olmalıdır.

Əsas odur ki, hara getdiyini dəqiq biləsən və bu yolda əmin olasan. Çoxları səni bu yoldan döndərməyə çalışacaq, amma çox vaxt bunun səbəbi onların özlərinə inanmamalarıdır. Ola bilsin, heç vaxt bu cür hədəf qoymağa və ona çatmağa cəsarət etməyiblər. Belə insanlar səndə də tərəddüd yarada bilər. Ona görə də yalnız özünə inanmaq lazımdır.

- Sonda "Unformal" qrupunun yenidən bir araya gəlməsi barədə soruşmasam olmaz. Bu necə baş verdi?

- Əslində "Unformal"ın konserti uzun müddət əlçatmaz bir arzu kimi görünürdü. Biz dörd müxtəlif ölkədə yaşayırıq - Böyük Britaniya, ABŞ, Rusiya və Azərbaycan. Amma bu hadisə naminə yenidən birləşməyə qərar verdik.

Konsert 22 noyabrda baş tutacaq. O, iki hissədən ibarət olacaq - "Unformal"ın erkən və sonrakı yaradıcılıq dövrlərindən. Biz istəyirik ki, həmin günü bizimlə dostlarımız, pərəstişkarlarımız və "Unformal"ı sevən, o dövrləri xatırlayan hər kəs paylaşsın. Xüsusilə 90-cı illərin ruhunu, "Sonsuz Yol" və digər mahnılarımızı sevənləri səbirsizliklə gözləyirik.

- Pərəstişkarlar "Unformal"ın yenidən yaradıcılığa qayıdışını gözləyə bilərmi?

- Hələlik söhbət yalnız konsertdən gedir. Allah qoysa, davamı da gələr, amma biz qabaqcadan heç nə demirik.

Leyla Eminova

İdman.Biz

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"Vüsal 300" ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 17:16

Rahil Məmmədov millinin heyətindən çıxarıldı

Xəbər
Bu gün, 16:17

Vüqar Qurbanov baş həkimi işdən çıxardı

Xəbər
Bu gün, 15:20

Pensiya ödənişlərinə 5 milyarddan çox vəsait yönəldilib

Xəbər
Bu gün, 14:54

Masazırda yenə internet yoxdur, KATV isə "məşğuldur"

Xəbər
Bu gün, 14:24

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Bu gün, 13:57

Ermənilərə məxsus məxfi sənədlər elan olundu

Xəbər
Bu gün, 13:35

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Xəbər
Bu gün, 13:25

Bakıda yaşayış binasında yanğın

Xəbər
Bu gün, 13:01

Sabah bəzi yerlərdə yağış yağacaq

Xəbər
Bu gün, 12:34

Prezident bir qrup dəmir yolu işçisini təltif edib - SİYAHI

Xəbər
Bu gün, 12:30

Axtarışda olan hindistanlı Bakıda saxlanıldı

Xəbər
Bu gün, 12:17

Yeni tikilən binalarda TƏHLÜKƏ - Məsuliyyəti kim daşıyır?

Xəbər
Bu gün, 11:30

41 nəfər xilas edilib

Xəbər
Bu gün, 10:55

Bakıda qadın evində yanaraq öldü

Xəbər
Bu gün, 10:30

Bakıda gömrükçü öz mağazasında öldürüldü - FOTO + YENİLƏNİB

Xəbər
Bu gün, 09:31

Əlisəmid Kür vəfat edib

Xəbər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Bürclər
Dünən, 21:00

13 - 20 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Xəbər
11 oktyabr 2025, 18:05

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

Mədəniyyət
11 oktyabr 2025, 17:23

Ağadadaş Ağayev: "Pul əl çirkidir deyənlərin başı işləmir"

Xəbər
11 oktyabr 2025, 16:39

Xırdalanda nəqliyyat paradoksu: "Dayanacaq var, avtobus yoxdur"

Oxşar xəbərlər