Uşaqlıqda yəqin ki, çoxları uçmağı arzulayıb. Elə bir idman növü var ki, bu arzunu heç olmasa qısa müddətə gerçəkləşdirməyə imkan verir. Söhbət qış Olimpiya idman növlərindən biri olan tramplindən xizəklə tullanma idmanından gedir. Bu növdə idmançılar həqiqətən heyrətamiz bacarıqlar nümayiş etdirirlər.
Azərbaycanda bu idman növünün ilk və hələlik yeganə təmsilçisi Zahir Cəfərovdur. Əslən azərbaycanlı olan, Rusiyanın Nijni Novqorod şəhərində anadan olmuş idmançı ötən ildən Azərbaycan millisinin heyətində çıxış edir və qarşısına böyük hədəflər qoyur.
O, müsahibəsində tramplindən xizəklə tullanmanın xüsusiyyətləri, "uçuş" öncəsi yaşanan qorxu və insanın özünü dəf etməyi öyrənməsi barədə danışıb.
– Tramplindən xizəklə tullanma idmanına necə başlamısınız?
– Səkkiz-doqquz yaşım olardı. Həmin vaxt kəndimizdə məktəbdə oxuyurdum. Bir gün məşqçi sinfimizə gəldi. O, axşamlar uşaqlar üçün məşğələlər təşkil edirdi. Bu, konkret bir idman növü deyildi. Məqsəd uşaqların axşamlar küçədə vaxt keçirmək əvəzinə maraqlı fəaliyyətlə məşğul olmaları idi. Müxtəlif hərəkətlər edirdik: koordinasiya məşqləri, tullanma hərəkətləri, akrobatika və idman oyunları.
Sonradan məlum oldu ki, həmin müəllim əslində tramplindən xizəklə tullanma üzrə məşqçidir. O, axşam məşğələlərinə qatılan uşaqlara bu idman növünü sınamağı təklif etdi. Böyük qardaşımla birlikdə razılaşdıq və bu, çox xoşumuza gəldi. Dərhal maraqlandıq, çünki bizim üçün qeyri-adi və tamamilə yeni bir şey idi.
– İlk "uçuşunuzu" xatırlayırsınız? O zaman hansı hissləri keçirmişdiniz?
– Düzünü desəm, ilk tullanışımı xatırlamaq artıq çətindir. Amma onu deyə bilərəm ki, bu, çox qorxuludur. İnanılmaz dərəcədə qorxuludur. Aşağıda dayananda özünə əmin olursan, ağlına pis fikirlər gəlmir. Ancaq yuxarı qalxıb aşağı baxan kimi hər şey başlayır: yıxılmaq barədə, ağlasığmaz və qeyri-adi şeylər haqqında düşünürsən. Eyni zamanda özünə deyirsən ki, axı hamı tullanır, bütün uşaqlar nə vaxtsa bu mərhələdən keçiblər. Buna görə də risk etməli və naməlumluğa doğru addım atmalısan.
Bu idman növü cəsarət və mərdlik tələb edir. Bir çox idman növünü xüsusi cəsarətə sahib olmadan da sınamaq mümkündür. Amma tramplindən tullanmağa çox az adam cəsarət edir. Məhz həmin an – oturacaqdan ayrılıb aşağı sürüşməyə başladığın vaxt – böyük ölçüdə xarakterini müəyyənləşdirir. Çünki aramızda elə uşaqlar az deyildi ki, tullanmağa heç cür qərar verə bilmədilər. Mən isə bunu etdim.
– Bu qorxu nə vaxtsa tamamilə yox olurmu?
– Bilirsiniz, bir dəfə mənə demişdilər ki, yalnız ağılsız insanlar qorxmurlar. Mən də bununla tam razıyam. İndi də qorxu qalır, sadəcə, artıq arxa plana keçir və demək olar ki, bu barədə düşünmürsən. Xüsusilə yarış dövründə ağlına belə fikirlər gəlmir.
Ancaq mövsümlərarası fasilədə tullanışları dayandırıb yerdə məşqlərə keçəndə, uzun fasilədən sonra ilk dəfə yenidən tramplindən tullanmaq qorxulu olur. Düzdür, bu qorxu uşaqlıqda yaşadığım hisslərdən fərqlənir. Artıq başqa cürdür, daha çox iş prosesinin bir hissəsinə çevrilib.
– Bu idman növündə çəkinin rolu nə qədər böyükdür?
– Çəki çox vacib amildir. Belə bir deyim var: daş uçmur, lələk uçur. Tramplindən tullanma ilə məşğul olan idmançılar üçün əsas məsələ havada mümkün qədər uzun müddət qalmaqdır. Nə qədər çox havada qalsaq, bir o qədər uzağa tullana bilərik. Çəkimiz nə qədər az olarsa, havada qalma müddətimiz də bir o qədər uzun ola bilər.
Amma burada bir məqam var. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qaydalarında idmançının boyu və çəkisindən asılı olaraq xizəklərin uzunluğuna dair tələblər müəyyənləşdirilib. Xizəklər nə qədər uzun olarsa, onların dayaq səthi də bir o qədər böyük olar. Bu isə hava axınında qalmağa və daha uzağa tullanmağa kömək edir. Buna görə də bütün göstəricilər fərdi qaydada hesablanır.
Yəni, məsələn, çəkisi 50 kiloqram olan idmançı sadəcə üç metr uzunluğunda xizək götürüb istifadə edə bilməz. FIS-in müəyyən etdiyi standartlar var və idmançılar diskvalifikasiyadan yayınmaq üçün bu qaydalara əməl etməlidirlər.
mənbə: idman.biz