Azərbaycanda əhalinin ən çox pul xərclədiyi məhsul qrupları məlum olub.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında ölkədə pərakəndə ticarət dövriyyəsi 50 milyard 774,7 milyon manat təşkil edib.
Rəsmi statistikaya əsasən, istehlakçılar ən çox ərzaq məhsullarına pul xərcləyiblər. Belə ki, ümumi ticarət dövriyyəsinin 49,9 faizi məhz ərzaq məhsullarının payına düşüb.
Məhsul qrupları üzrə satışın həcmi belə olub:
Ərzaq məhsulları – 25 milyard 347,8 milyon manat;
Digər qeyri-ərzaq malları – 8 milyard 684,2 milyon manat;
Geyim, ayaqqabı və toxuculuq məhsulları – 6 milyard 793,2 milyon manat;
Avtomobil yanacağı – 3 milyard 58,2 milyon manat;
Elektrik malları və mebel – 2 milyard 576 milyon manat;
İçkilər və tütün məmulatları – 2 milyard 129,7 milyon manat;
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar – 1 milyard 386,4 milyon manat;
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları – 799,2 milyon manat.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb.
Ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları qrupunda qeydə alınıb. Bu məhsulların real satış həcmi 33,1 faiz artıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatlarda isə artım 21,5 faiz təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən orta aylıq pərakəndə alış-veriş həcmi 549,2 manat olub. Bunun 297,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 252 manatı isə qeyri-ərzaq mallarına sərf edilib.