"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışa görə təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Şikayətə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesi oktyabrın 15-nə təyin edilib.
Hadisə 2024-cü il yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib. İstintaq materiallarında bildirilir ki, "Bakı Ağac Emalı" ASC-nin sahibi Tağı İbrahimov və müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev üzərlərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vəzifəsini ehtiyatsızlıqdan pozublar. Nəticədə 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
İttihama əsasən, hadisə nəticəsində müəssisənin ərazisindəki əmlaka və ətraf mühitə maddi ziyan dəyib. Tağı İbrahimov, həmçinin xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunur.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayev isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onların cəzası 5 il 6 aya endirilib. Hazırda iş üzrə yenidən kassasiya şikayətinə baxılması gözlənilir.
Qeyd edək ki, Tağı İbrahimov əvvəllər ATV kanalının prezidenti olub. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.
Mənbə: Pravda.az