Bakının Suraxanı rayonunda 100 manatlıq onlayn kredit məsələsinə görə ər arvadına xəsarət yetirib.
Məlumata görə, 1981-ci il təvəllüdlü Mahir "Azpulmat"dan kredit götürmək istəyərkən həyat yoldaşı Süsənin telefonuna gələn təsdiq mesajının silindiyini öyrənib. O, arvadının mesajı qəsdən sildiyini iddia edərək onu təhqir edib. Tərəflər arasında mübahisə yaranıb və Mahir arvadını yumruqla baş və kürək nahiyələrindən vurub.
Məhkəmədə Mahir ittihamı qəbul etməyib. O bildirib ki, həyat yoldaşı ilə 2015-ci ildə ailə qurub, beş azyaşlı övladları var. Təqsirləndirilən şəxs arvadını vurmadığını, yalnız əsəbiləşərək itələdiyini və onun divara dəyməsi nəticəsində xəsarət almış ola biləcəyini deyib.
Zərərçəkmiş Süsən isə ifadəsində ərinin onu nalayiq sözlərlə təhqir etdiyini və mübahisə zamanı baş və bel nahiyələrinə bir neçə yumruq zərbəsi vurduğunu bildirib. O, həmçinin əri ilə aralarında uzun müddətdir ailə münaqişələrinin yaşandığını qeyd edib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mahir Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Mənbə: Demokrat.az