Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki yolun yaxınlığındakı meşəlik ərazi artıq uzun müddətdir ki, gecə saatlarında intim görüşlərin keçirildiyi məkana çevrilib.
Redaksiyamıza şikayətlə müraciət edən sakinlərin iddiasına görə, bu əraziyə mütəmadi olaraq avtomobillər gəlir, gecə ziyarətçilərindən sonra isə ətrafda istifadə olunmuş kontrasepsiya vasitələri, salfetlər və digər tullantılar qalır.
Vətəndaşlar bildirirlər ki, belə hallarla, demək olar, hər gün qarşılaşırlar.
Sakinlər dediklərini təsdiqləmək üçün redaksiyaya videogörüntülər göndəriblər. Kadrlarda meşəlik ərazinin tullantılarla çirklənmiş hissələri, həmçinin gecə saatlarında burada olan avtomobillərdən biri əks olunub.
Şikayətçilər həm gecə saatlarında əraziyə gələn şəxslərin davranışlarından, həm də yaranmış antisanitar vəziyyətdən narahatdırlar. Onların fikrincə, yaşayış məhəllələrinin yaxınlığındakı yaşıllıq sahəsinin bu cür görüşlərin keçirildiyi və tullantıların toplandığı məkana çevrilməsi yolverilməzdir.
Biləcəri sakinləri aidiyyəti qurumlardan problemə diqqət yetirməyi, meşəlik ərazinin təmizlənməsini təşkil etməyi və oxşar halların qarşısının alınması üçün tədbirlər görməyi, o cümlədən gecə saatlarında əraziyə nəzarəti gücləndirməyi xahiş edirlər.