Bu gün Xalq artisti, böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür.
Bakuplus.az xəbər verir ki, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə fəaliyyətinə başlayıb.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edən sənətçi çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbülün diqqətini cəlb edib. Yekun konsertdə "Qarabağ şikəstəsi"ni ifa edən Ələkbərova Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun ifasında xalq mahnıları, muğamlar və bəstəkar əsərləri böyük məşhurluq qazanıb.
Şövkət Ələkbərova Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər ölkələrdə çıxış edib. Repertuarında "Segah", "Qatar", "Şahnaz" kimi muğamlarla yanaşı, Azərbaycan və Orta Şərq xalqlarının mahnıları da yer alıb.
Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib.