Qeyri-adi səsi və özünəməxsus ifası ilə yaddaşlarda qalan xanəndə Səxavət Məmmədovun bu gün anım günüdür.
Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb, muğamın sirlərini ustad xanəndə Hacıbaba Hüseynovdan öyrənib. Gənc yaşlarında tanınan sənətkarın ifaları qısa müddətdə böyük maraq doğurub.
Xeyirxah və qayğıkeş insan kimi tanınan Səxavət Məmmədov Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və Birinci Qarabağ müharibəsi illərində də fəal olub, cəbhədə döyüşən əsgərlərə yardım edib.
Onun yaradıcılığında "Azad bir quşdum" mahnısı xüsusi yer tutur. Əfrasiyab Bədəlbəylinin bəstələdiyi əsər xanəndənin özünəməxsus ifasında dillər əzbərinə çevrilib.
Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında 37 yaşında dünyasını dəyişib.