Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə hazırlanmış seksual xarakterli video materialları yaymaqda təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə hökm oxunub.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Kərim Kərimov 4 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, Kərim Kərimov 2023-cü ilin avqustunda "Instagram" vasitəsilə tanış olduğu 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan D.D.-dən seksual xarakterli video materiallar əldə edib.
Zərərçəkmiş şəxs sonradan Kərimi və onun sosial şəbəkə hesablarını bloklayıb. Buna etiraz edən təqsirləndirilən şəxs həmin videoları "WhatsApp" vasitəsilə zərərçəkmişin əmisi qızına, daha sonra isə onun ərinə göndərib.
Beləliklə, Kərim Kərimov yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə hazırlanmış uşaq pornoqrafiyası xarakterli materialları iki müxtəlif şəxsə göndərməklə yaymaqda təqsirli bilinib.
mənbə: pravda.az