Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qonşular arasında yaranan mübahisə ağır cinayətlə nəticələnib.
İttihama görə, Kamran qonşusu Eldarı onun barəsində yalan məlumatlar yaymaqda günahlandırıb. Mübahisə zamanı Eldar özünü müdafiə etmək üçün yerdən götürdüyü beli yellədib. Kamran isə aləti onun əlindən alaraq baş nahiyəsinə zərbə endirib və Eldara ağır xəsarət yetirib.
Kamran məhkəmədə özünü qismən təqsirli bilib. O, Eldarın uzun illərdir onu təhqir etdiyini, nüfuzdan saldığını və hadisə zamanı əvvəlcə Eldarın ona hücum etdiyini iddia edib. Zərərçəkmiş Eldar isə Kamranın əvvəlcə bıçaq çıxardığını, daha sonra beli əlindən alaraq başına vurduğunu deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
mənbə: demokrat.az