Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən suvarma kanalında yaranan kütləvi zibillik sakinlərin narazılığına səbəb olub.
Şikayətçilərin sözlərinə görə, son günlər kanalın həmin hissəsində suyun üzərində çoxlu sayda məişət tullantısı toplanıb. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından bildirilib ki, Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanalda yaranan antisanitar vəziyyət aradan qaldırılır: "Sözügedən ərazidə vətəndaşlar tərəfindən məişət tullantılarının qeyri-qanuni olaraq suvarma kanalına atılması nəticəsində bu cür vəziyyət yaranıb. Oktyabrın 2-dən əraziyə texnika və briqada cəlb olunaraq kanala atılmış məişət tullantılarının təmizlənməsi işləri həyata keçirilir. Yaranmış arzuolunmaz hallarla bağlı sakinlərə müraciət edirik - suvarma kanalları məişət tullantılarının atılması üçün deyil, ərazilərin suvarılmasının təmin edilməsi üçün nəzərdə tutulub. Bu səbəbdən xahiş edirik, məişət tullantılarını suvarma kanallarına və digər su təyinatlı obyektlərə atmayasınız. Hər birimizin diqqətli və məsuliyyətli davranışı ətraf mühitin, ictimai məkanların və su təsərrüfatı obyektlərinin çirklənməsinin qarşısının alınmasına kömək edəcək", - deyə məlumatda bildirilib.
Mənbə: oxu.аz