Rusiya Prezidenti Vladimir Putin ölkədən nağd valyuta və külçə şəklində saflaşdırılmış qızılın çıxarılmasına məhdudiyyət qoyan fərman imzalayıb.
Bakuplus.az Rusiya mediasına istinadən xəbər verir ki, fərmana əsasən, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana nağd valyuta və qızıl çıxarılmasına şamil edilir.
Fiziki şəxslər üçün nağd valyuta limiti 1 milyon rubl və ya onun digər valyutalarda ekvivalenti məbləğində (təxminən 20 min manat) müəyyən edilib. Hüquqi şəxslərə və fərdi sahibkarlara isə istənilən məbləğdə nağd valyuta çıxarmaq qadağan olunub.
Qadağanın pozulması halında fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə çıxarılan nağd valyutanın hamısı müsadirə ediləcək.
Rusiya hökumətinə Mərkəzi Bankla razılaşdırmaqla üç ay ərzində ölkədən çıxarılan valyutanın uçotu qaydalarını təsdiqləmək tapşırılıb.
Fərman imzalandığı gündən, sentyabrın 29-dan qüvvəyə minib.