Bakının Səbail rayonunda 25 yaşlı Elxan Abışov Polşa vətəndaşı Blajdjeviş David Karolu bıçaqlayıb.
Hadisə təqsirləndirilən şəxsin kafedə istirahət edən əcnəbi vətəndaşın davranışlarından narazı qalması ilə başlayıb. Abışov irad bildirdikdən sonra Karolu kafedən çıxarkən təqib edib və ona bıçaqla xəsarət yetirib.
Məhkəmədə ifadə verən Abışov bildirib ki, qarşı tərəfin sərxoşluğu xoşuna gəlməyib. O, özünü müdafiə etmək üçün yanında olan kiçik bıçağı göstərdiyini deyib və əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş isə dostu ilə restorandan çıxıb hostele gedərkən təqsirləndirilən şəxsin onlara yaxınlaşdığını və mübahisə zamanı onu qarnından bıçaqladığını söyləyib. O, hadisə zamanı sağ əlindən də xəsarət aldığını qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Abışov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
mənbə: demokrat.az