13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) yaydığı məlumata görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
***
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
Hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyinin (din.gov.az), Dövlət İmtahan Mərkəzinin (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.
Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.