Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.
Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.
Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.